Bu gün Murtuz Ələsgərovun ANIM GÜNÜDÜR
Bu gün 1993-1996-cı illərdə azərbaycan Dövlət Universitetinin rektoru, 1996-2005-ci illərdə Azərbaycan Milli Məclisinin sədri, hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası olmuş Murtuz Nəcəf oğlu Ələsgərovun anım günüdür. Tanınmış alim Murtuz Ələsgərovun Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri vardır. O, elmi araşdırmaları ilə elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. Beynəlxalq hüquq sahəsində böyük nüfuz sahibi olan Murtuz Ələsgərov 200-dən artıq elmi əsərin, o cümlədən bir sıra monoqrafiyanın, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur. O, ABŞ, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə iştirakçısı olduğu müxtəlif konfrans və simpoziumlarda iştirak etmişdir. Murtuz Ələsgərov pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf etmişdir. Onun rəhbərliyi altında çox sayda gənc mütəxəssis alimlik dərəcəsi almışdır. O, yarım əsrdən artıq bir dövrü əhatə edən çoxşaxəli fəaliyyəti ərzində Azərbaycanda elmin və təhsilin inkişafına layiqli töhfələr vermişdir. Onun bir çox görkəmli hüquqşünasların yetirilməsində xidmətləri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan Murtuz Ələsgərov həmişə əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizədə qətiyyət və əzmkarlıq göstərmişdir. Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini vəzifəsini tutmuşdur. Ulu öndər Heydər Əliyev Murtuz müəllimə xüsusi dəyər vermiş və onu əsl əqidə insanı adlandırmışdı. Murtuz Ələsgərovun hüquqi dövlət quruculuğu sahəsində, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük xidmətləri olmuş, çoxsaylı qanunvericilik aktlarının hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak edib. Kiyev Milli Universitetinin fəxri doktoru idi. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvü idi. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifi olmuşdur. Rus və ingilis dillərini bilirdi. 7avqust 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Murtuz Ələsgərov həm elmi, həm də ictimai-siyasi fəaliyyətinə görə yüksək dövlət mükafatlarına layiq görülmüşdür.. "İstiqlal” ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin "Sodrujestvo” ordeni, Rusiya Federasiyasının "Dostluq” ordeni ilə, digər fəxri adlar və mükafatlarla təltif edilmişdir.