Azərbaycanın daşı nə ağır olub...
Qonşuluqdakı vəhşilərin dörd bir tərəfdən hücumlarını dəf etdiyimiz vaxtda məlum oldu ki, uzaq Britaniya Krallığındakı səfirliyimizə də hücum edilib. Azərbaycan ərazisi sayılan səfirliyi “Mehdi Xidmətçiləri” deyilən şiə ekstremist qruplaşması tutub. Arxayınca nərdivan qoyaraq yuxarı qalxıb, dövlət bayrağımızı söküb atıb, əvəzinə “Mehdiçilərin” bayrağını asıblar... Hiddət doğuran bu proses xeyli müddət çəkib. Hadisə ilə bağlı beynəlxalq hüququn qorunması, yaxud bizim səfirlik əməkdaşlarının səhvləri-düzləri hələ bir yana qalsın, o ayrı mövzudur, öz içimizdə çox müzakirə edə bilərik. Ancaq İngilis xalqına olan ehtiramdan dolayı ilk ağla gələn odur ki, dünyaca məşhur xəfiyyə Şerlok Holmsın vətənində miskin gədələr bu dərəcədə aşağılıq aksiyaya necə ürək ediblər?! Axı, bu iyrənc niyyətin planlaşdırılması, hazırlanması, icraya başlanması, prosesin getməsi və sonadək maneəsiz həyata keçirilib baş tutması – gənc Azərbaycan Respublikasından daha çox, qocaman Britaniya hökumətinin şərəfinə toxunan bir haldır! Mentalitet etibarilə ingilislərin soyuqqanlı olduğunu bilirik, amma London polisinin, xüsusi xidmət orqanlarının və digər rəsmi qurumların belə vəhşiyana insidentə bu dərəcədə “intiligentcəsinə” yanaşması da xeyli sual doğurur. Qanunlara riayət və insan hüquqlarına hörmət baxımından az qala dünyaya nümunə kimi tanıdılan gözəl paytaxt şəhəri Londonda bu qədərmi özbaşınalıq hökm sürürmüş?! Və sonda: ömür boyu Şərqi “gözümçıxdıya” salaraq, daşların-qayaların arasında radikal dini ekstremist axtaran Qərbin göbəyində ən radikal dini ekstremist qurumun “bəslənməsi” bir atalar sözünü yada salır: “Öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır.” Təbii, İngilis hökumətinin yüksək ədalətinə inanaraq, əmin olmaq istərdik ki, qaragüruhçular cəzasız qalmayacaqdır! Akif Əli