Səfər Mehdiyevi saxlayan polislərin işdən çıxarılması xəbərinə DİN-dən REAKSİYA (YENİLƏNDİ)
Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı iddialara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric olunması iddiaları əsassızdır.
“Bu məlumatlar həqiqəti əks etdirmir”, - DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.
Bu gün isə həmin yol polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.
xxx
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polisləri ilə bağlı yeni xəbər var.
Sfera.az-ın əldə etdiyi məlumata görə, sözügedən DYP əməkdaşları vəzifələrindən azad edilərək, sərəncama götürülüb. İşdən kənarlaşdırılan DYP əməkdaşlarının adlarını dəqiqləşdirməyə və yaxın saatlarda olayla bağlı daha təfərrüatlı informasiya verməyə çalışacağıq.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.
Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.Yol polisi isə ona “Cənab general, nömrədə yazılmır axı kimdir sürən?! Bizə deyiblər ki, siqnal olmaz” cavabını verib. Daha sonra Gömrük Komitəsinin sabiq rəhbəri avtomobilinə əyləşərək uzaqlaşıb.