Baş Prokurorluq Cəlilabad xəstəxanasındakı araşdırma ilə bağlı məlumat yaydı
Baş Prokurorluq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işinin başlanması barədə məlumat yayıb. Prokurorluğun Mətbuat Xidmətindən Globall.az-a bildirilib ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifə saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Qeyd edilən faktlar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər halların aşkar edilməsi və qanunsuz hərəkətlərə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq- əməliyyat tədbirləri davam etdirilir.