“Oğulsan, Jalə, oğul!” - Federasiya tənqidlərə cavab verdi
Ötən gün Azərbaycan Güləş Federasiyasının rəsmi "Facebook" hesabında güləşçimiz Jalə Əliyevanın İslamiadada medal qazanması barədə xəbərin "Oğulsan, Jalə, oğul" başlığı ilə paylaşılması sosial şəbəkə istifadəçilərinin ciddi narazılığına səbəb olub. Globall.az xəbər verir ki, rəy bölümündə paylaşımın seksist olduğu diqqətə çatdırılıb və buna görə Güləş Federasiyasına etiraz edilib. Federasiyanın mətbuat katibi Sərxan Musalının tənqidlərə münasibət bildirərək, paylaşımın pis yozulduğunu söyləyib: "Jalə Əliyeva bu yaz U-23 Avropa çempionu olanda qadın məşqçimiz ona "afərin, oğulsan" söyləmişdi. Gürcüstan və Ermənistanda qadın güləşi demək olar ki, yoxdur. Belə çıxır ki, gender bərabərliyi orada daha çox pozulur? Bu söz sırf Jalə üçün işlədilib. Başqa heç bir qadın idmançımız üçün yazmamışıq. Jalə ilə danışmışam. Paylaşım çox xoşuna gəlib. Necə düşünə bilərsiniz ki, biz qadın idmançılarımızı aşağılayaq və ya kişiləşdirək?" S. Musalı məsələnin dramatikləşdirildiyini və paylaşında pis məqsədinin olmadığını qeyd edib.