Şabranda yanğının söndürülməsinə amfibiya təyyarəsi cəlb olundu
(YENİLƏNİR)
Şabran rayonunun Zöhrəmli kəndi ərazisində biçilmiş taxıl sahələrində baş verən yanğınlar nəticəsində bir neçə ev yanıb. "Report"un Şimal bürosunun məlumatına görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) 10-dan artıq yanğınsöndürən avtomobili, canlı qüvvəsi və Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. İlkin məlumata görə, yanğın təhlükəsizliyni nəzərə alaraq Zöhrəmli kəndindən sakinlər təxliyə edilir. Əlavə məlumat veriləcək. xxx Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən Globall.az-a verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə nazirliyin Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi də cəlb olunub. Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. xxx Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb. Bunu Globall.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür: “Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.