Almaniya Rusiya hərbi kəşfiyyatına işləyən hakeri axtarışa verdi
Almaniya Federal prokurorluğu Bundestaqa haker hücumu təşkil edən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (BKİ) zabitini beynəlxalq axtarışa verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bəhs olunan hücum 2015-ci ilin yazında gerçəkləşdirilib, daha sonra ələ keçirilən sənədlər “Wikileaks” saytında yerləşdirilib.
Əsas şübhəli şəxs rolunda isə 29 yaşlı Dmitri Badin çıxış edir. ABŞ hüquq-mühafizə orqanları onu çoxdan Ümumdünya antidopinq mərkəzi WADA-nın, habelə Demokrat partiyasının serverlərinə hücum təşkil etməkdə günahlandırır. Rusiyalı zabitin Moskva şəhərində Komsomol prospektində yerləşən 26165 saylı hərbi hissədə (rəqəmsal kəşfiyyat) xidmət etdiyi vurğulanır.
Həmin hərbi hissədə əsasən kriptoqraflar və kompüter təhlükəsizliyi üzrə mütəxəssislər fəaliyyət göstərirlər. Sovet dönəmində burada əsasən BKİ-nin radiotexniki kəşfiyyat işi ilə məşğul olan 6-cı idarəsi üçün gələn məlumatların şifrələrin açılması və kriptoanalizini həyata keçirən bölmə olub.
Almaniya prokurorluğu Dmitri Badini Rusiya kəşfiyyatına bağlı“Fancy Bear” haker qrupu ilə dəəlaqləndirir. “Süddeutsche Zeitung” Almaniya kəşfiyyatının daha bir rus hakerinin izinə düşdüyünü, lakin onu adının hələ açıqlanmadığını bildirir.
Xatırladaq ki, Bundestaqa yönəlik rəqəmsal hücumlar 2015-ci ilin aprelin 30-dan 20 mayına qədər müxtəlif aralıqlarla baş tutub. Nəticədə 16 giqabaytlıq məlumat bazası, o cümlədən alman deputatlarının yazışmalarının bütün arxivi rus kəşfiyyatına ötürülüb.
Daha sonra onların bir qismi avstraliyalı jurnalist Culian Assanca məxsus Wikileaks saytında görünüb. Buna görə də ABŞ Cuilan Assanca qarşı “Casusluq haqqında qanun”a müvafiq olaraq 17 adda ittiham irəli sürür.