“Körpüdə oturub qızlarla selfi çəkirdilər” – Sakinlər şortik olayından danışdılar
İsmayıllı rayonuna gələn yerli turistin sakinlər tərəfindən təzyiqə məruz qaldığı deyilir. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, rayonun Qalacıq kənd sakinləri istirahətə gələn turistin şort geyinməsinə irad tutaraq, ona etirazlarını bildiriblər. Yerli sakinlərin bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və şort geyiminə görə irad bildirilməsinin yolverilməz olduğu vurğulanıb.
Modern.az-ın əməkdaşları kənd sakinləri ilə əlaqə saxlayaraq, hadisə ilə bağlı onların mövqeyini öyrənib. Əsasən ləzgilərin çoxluq təşkil etdiyi kəndin sakinləri mübahisəyə şort geyiminin səbəb olmadığını söyləyiblər.
“İki oğlan və onlarla birlikdə gələn iki qız körpünün üstündə oturub selfi çəkdirdilər. Qızlar normal geyimdə deyildilər. Kəndçilərimiz onlara deyiblər ki, bura yoldur, körpünün üstündə şortiklə oturmayın, insalara mane olursunuz. Elə mübahisə də bundan başlayıb. Əslində mübahisə yolu bağladıqlarına görə olub. Onların davranışları kəndçilərimizin xoşuna gəlməyib”, - Qalacıq sakinləri bildiriblər.
Onların sözlərinə görə, rayona gələn turistlər yerli sakinlərə hörmətlə yanaşmalıdırlar.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda yerli turistlərə təzyiq edilməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan deyiblər ki, məsələ ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə hər hansı bir müraciət daxil olmayıb: “Ancaq yayılan videogörüntülərdə sözlü mübahisə edən yerli sakinlərlə profilaktik söhbət aparılıb”.