“FSB”-yə hücum edənin keçmiş rus sahibkar olduğu bilindi... -
“Ərəblərlə telefonla danışırdı...”
Globall.az bəhs edilən terrorçu barədə xarici mediada yayılan bir neçə digər məlumat da əldə edib. İsrail mediası xəbər verir ki, Manyurov əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Onun Podolskda yerləşən şirkəti kommersiya fəaliyyəti sahəsində konsaltinqlə (məsləhət verməklə) məşğul olsa da, 2015-ci ildə açıqlanmayan səbəblərdən dövlət qurumları tərəfindən ləğv edilib.
“Komsomolskaya pravda”nın verdiyi məlumata görə isə Y.Manyurov həvəskar atıcılıqla da məşğul olub. “DOSAAF” atıcılıq klubunun üzvü olub, bir neçə yarışda iştirak edib.
Keçmiş iş adamının Podolskdakı evində aparılan axtarış zamanı onun adına sənədləşdirilmiş 7 atıcı silah və xeyli sursat aşkar edilib. Y.Manyurovun anası bildirib ki, dekabrın 19-da evdən çıxarkən atıcılıq yarışına getdiyini söyləyib. Qonşularından birini sözlərinə görə, son vaxtlar Y.Manyurov işsiz olub, lakin bəzən ərəblərlə telefon danışıqları apardığı bilinib...
Qeyd edək ki, rəsmi məlumata əsasən silahlı şəxsin açdığı atəş nəticəsində Federal Təhlükəsizlik Xidmətinin 1 əməkdaşı həlak olub, 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri mülki şəxsdir.
Bir sıra yerli KİV orqanları hadisə zamanı 3 nəfərin həlak olması barədə məlumat yayıblar. Qeyd edilir ki, onların hər 3-ü Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Lakin bu məlumat hələlik təsdiqlənməyib.
Cinayətkar əməliyyat zamanı öldürülüb.