Yaxın iki gündə bəzi rayonlarda yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Globall.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq. Məlumata görə, qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.