Mir Şahinin Fətullayevə mükəmməl dəstəyini oxucu bir cümlə ilə məhv etdi
Tanınmış jurnalist Eynulla Fətullayev Xural TV-nin rəhbəri Əvəz Zeynallıya qarşı daha bir mövqe sərgiləyib. Globall.az yenipress.az-a istinadla xəbər verir ki, Əvəz Zeynallının həbsdə olan keçmiş iş adamı, “Baku Stell Company” şirkətinin sahibi Rasim Məmmədovun ailəsini şərləyərək, 20 min manat alması haqda paylaşımına dəstək verənlərə təşəkkür edib. “Reket mediasına qarşı, mətbuatda baş qaldırmış korrupsiya ilə mübarizədə ciddi media koalisiyası yaranıb. Reketçiliklə mübarizədə bizə dəstək vermiş Qlobal Media Holdinqi (Oxu.az, Baku TV, Report agentliyi) və Elnur Abdullayevə, REAL TV və Mir Şahinə, Qafqazinfo və Elbrus Əruda öz dərin təşəkkürümü bildirirəm. Birlikdə güclüyük. Korrupsuyasız sağlam media naminə! Reket-ilanın başını əzəcəyik!” – E.Fətullayev sosial şəbəkə hesabında qeyd edib. Mir Şahin Ağayev isə onun bu təşəkkürünə böyük cavab yazıb: “Mən Sənə təşəkkür edirəm! Ona görə ki, son hadisədə əxlaqsızlığın üzərinə sən tək getdin. İrinli sızanağı sən partlatdın. İllərdir ki, sosial şəbəkələrdə baş alıb gedən çirkab seli, çirkli yutuberlər, internet tv adı altında fəaliyyət göstərən cahil, avam, boşboğaz, rüşvətxor, qaragüruh tullantıları barədə danışırıq. Bir ovuc tərbiyəsiz, təhsilsiz ünsürün dövlət üçün yaratdığı təhlükənin miqyası barədə xəbərdar edirik. Və təəssüf ki, ənənəvi media “kapitanlar”ı da daxil olmaqla, klassik ziyalı-təhsilli nümunələrin böyük əksəriyyəti Azərbaycanın informasiya maraqlarını, milli-dövlətçi ideologiya sərhədlərini yox, öz kraxmallı köynəklərini, anklav qeyrətxanalarını qorumaqdadırlar. Hüquq-mühafizə orqanları nəsə etməyə çalışır, o saat məhz reket media, onların qulbeçə və qulfərələri qarğa-quzğun kimi tökülüşürlər. “Xural” və onun ekiztayları sosial şəbəkələrdəki azadlıqdan, sərbəstlikdən, cəmiyyəti şantaj və təhdid etmək məqsədilə istifadə edirlər. Linç, təhqir, söyüş: onların arsenalında bunlardır! Rüşvət, çirkli pullar onların maddi qüdrəti budur! Bəli! Artıq bitirmək lazımdır! Azərbaycan Mediasına Əvəzçilik yolu ilə transfer olunan rüşvət, korrupsiya meyillərinin kökünü kəsməliyik. Onların əlində nə var? Yalnız təhqir! Bəs bizim əlimizdə? Bu boyda Vətən. Pafoslu səslənsə də bu belədir. Eynulla, biz bu yolda təkcə yoldaş deyilik. Həm də bu yolun inşaatçılarıyıq. Media yenilənməlidir. 44 günlük savaşda qazandığımız Qələbəyə layiq olmalıdır! Yeni Media siyasətinin imtahandan keçən vaxtıdır. Əminəm ki, kəsilməyəcəyik. “Tapş”la, rüşvətlə, şparqalka ilə sıralarımıza soxulanları, mənfəət, fürsətcil yığınını ifşa etməliyik. Qaragüruhla İşıqlıların mübarizəsində İşıq qalib gələcək!” Eynulla Fətullayev Mir Şahin Ağayevin bu sözlərinə “Əsil proqram səciyyəli statusdur. Təşəkkür edirəm, əziz və hörmətli həmkar!” sözləri ilə reaksiya verib. Şahin Rzayev adlı istifadəçi isə bu statusa belə bir rəy yazıb: “Mir Shahin Agayev, ANS-də Eynulla barədə filmin müəllifi kim idi?” Qeyd edək ki, Mir Şahin Eynulla Fətullayev həbsdə olarkən onun haqda “Bədbəxt adam” filmini çəkmiş və Eynulla Fətullayev haqda ən ağır ifadələr işlətmişdi.