Ermənistana 7 saatlıq unikal hərbi əməliyyatla heç vaxt unutmayacağı dərs verdik - İrəvanın təxribat planı iflasa uğradı
Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı həyata keçirmək istədiyi növbəti təxribatın bədəlini ağır şəkildə ödədi. Ordumuzun ötən gecə İrəvanın tərxibatına qarşı həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində qurduğu və Azərbaycan üçün təhdid yaradan bütün hərbi təyinatlı obyektlər darmadağın edilib.
Globall.az Trend-ə istinadən bildirir ki, Ermənistana bu hərbi obyektləri bərpa etmək üçün ən azı 4-5 il vaxt lazımdır.
Həmçinin, Azərbaycan Ermənistanın həmin bölgədə yerləşən bütün nəqliyyat-kommunikasiya sistemini və çox mühüm yüksəkliklərini nəzarətə götürüb. Həqiqətən də Ermənistanın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə müdaxiləsi İrəvana baha başa gəldi. Ermənistan ordusu son döyüşlərdə 200 nəfərə yaxın canlı qüvvə itirib. Bundan başqa, qarşı tərəfin çox sayda hərbi texnikası, 1 milyard dollardan artıq dəyəri olan iki S-300 raketi, xeyli hərbi obyekti və onlarla postu darmadağın edilib.
Azərbaycanın sərt cavab tədbirləri qarşısında çaşqın vəziyyətə düşən Ermənistan əsgərləri postları tərk edərək qaçıb. Rəsmi İrəvan ictimai qınaqdan qorxduğu üçün açıqlamasa da, itkiləri Azərbaycan tərəfinin itkilərindən qat-qat çoxdur, yüzlərlə yaralısı var.
Azərbaycanın Silahlı Qüvvələri İrəvana elə bir zərbə vurub ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi uzun müddət özünü toparlaya bilməyəcək.
Təbii ki, Azərbaycan bütün hərbi tədbirləri beyəlxalq hüquqa uyğun olaraq, öz sərhədlərinin müdafiəsi məqsədi ilə həyata keçirdi və cavab tədbirləri zamanı Ermənistan əhalisinə, mülki infrastruktura heç bir ziyan vurulmadı.
Azərbaycan Ordusu keçirdiyi uğurlu hərbi əməliyyatla bir daha öz qüdrətini, döyüş hazırlığını həm qarşı tərəfə, həm də onun havadarlarına nümayiş etdirdi. Ordumuz dünyaya bir daha bəyan etdi ki, düşmənin bütün növ təxribatlarına adekvat cavab verməyə hər zaman hazırdır.