Gələn il üçün əmək haqqı və sosial təminat siyasəti: Hansı yeniliklər olacaq?
Bu günlərdə Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair hesabatda, gələn il üçün xərclər üzrə siyasətin 2 əsas istiqamətləri müəyyən edilib. Bunlardan birincisi, əməyin ödənişi, sosial müdafiə və sosial təminat üzrə islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır. İkinci məsələ isə əməyin ödənişi, sosial müavinət, təqaüd və pensiyalar, dövlət borcuna xidmətlə bağlı xərclərin (büdcə qanunvericiliyinə əsasən müdafiə olunan xərclər) prioritet maliyyə təminatıdır. Globall.az xəbər verir ki, bu məsələlərlə bağlı fikirlərini Publika.az-a açıqlayan Milli Məclisin deputatı Vahid Əhmədov, gələn ilin dövlət büdcəsinin sosial yönümlü olacağını diqqətə çatdırdı. Onun sözlərinə görə, bu günə qədər dövlət tərəfindən ölkənin sosial-iqtisadi inkişafının təmin olunması, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində bir neçə milli prioritet proqram qəbul olunub: "Bunlardan biri də, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanmış "2022-2026-cı illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı Strategiyası"dır. Bunlara uyğun olaraq, 2023-cü ilin dövlət büdcəsində əsas istiqamətlər müəyyən edilib. Ən vacibi isə əhalinin sosial müdafiəsinn, sosial təminatının yaxşılaşdırılması və əməyin ödənilməsi, o cümlədən, inflyasiya təzyiqlərini nəzərə alınmaqla, sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində sosial cəhətdən həssas vətəndaşlara, eləcə də şəhid ailələrinə və qazilərə sosial yardımların artırılması nəzərdə tutulur. Orta müddət ərzində büdcə gəlirlərinin artırılması nəticəsində bu sahələrə əlavə vəsaitlərin cəlb edilməsi proqnozlaşdırılır. Əgər proqnoz özünü doğruldarsa, özünüməşğulluq proqramının davam etdirilməsi və işsiz vətəndaşların təminatı istiqamətində də müəyyən işlər görüləcək". Deputat vurğuladı ki, 2022-ci ilin dövlət büdcəsində, əməyin ödənilməsi məqsədilə 8 milyard 050 milyon manat vəsait ayrılıb: "Gələn il isə bu vəsaitin 8 milyard 550 milyon manata qədər artırılması nəzərdə tutulur. Bir il ərzində 500 milyon manat vəsaitin ayrılması böyük addımdır. Sosial ödənişlərin həyata keçirilməsi də həmişə diqqətdə saxlanılır. Cari ildə bu sahəyə ayrılan vəsaitin həcmi 3,8 milyard manat təşkil edib. 2023-cü ildə isə bu məbləğin 4 milyard manatdan yüksək olacaq. Rəqəmlər göstərir ki, hər il olduğu kimi, gələn il də bu sahəyə ciddi diqqət ayrılacaq. Amma əsas odur ki, bu ilin l yarısında da əldə edilən müsbət dinamikanı gələn il də qoruya və daha yüksək nəticələr əldə edə bilək. Son proseslər, yeni neftin və qazın qiymətlərində baş verən artımlar göstərir ki, bu sahəyə ayrılan vəsaitlər bir qədər də artacaq". Cari ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin orta aylıq əmək haqlarının 20 faiz həddində artırıldığını xatırladan müsahibimiz, bunun əslində böyük göstərici olduğunu vurğuladı: "Amma bir o qədər də inflyasiya baş verdi. Bu özünü əsasən ərzaq məhsullarında göstərdi və bahalaşma 18-20 faiz həddində oldu. 2023-cü ildə də büdcə təşkilatlarında maaş artımı nəzərdə tutulub. Amma əsas diqqət əhalinin sosial cəhətdən həssas təbəqəsinə, eləcə də təqaüdçülərə və pensiyaçılara yönəldiləcək. Düşünürəm ki, gələn il bu diqqət daha da artırılmalıdır ki, baş verən artımların və inflyasiyanın qarşısında tab gətisinlər və ödəmə qabiliyyətlərini itirməsinlər".