Alternatif enerji VERGİDƏN azad olunarsa... - Nələr gözlənilir?
Maliyyə Nazirliyinin 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında, əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir vergidən azad olunması nəzərdə tutulur. Bildirilib ki, bu, 2023-cü il üzrə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq. Mövzunu şərh edən alternativ enerji sahəsi üzrə ekspert Emin Qəribli açıqlamasında, Azərbaycan hökumətinin neçə ildir ki, alternativ və bərpa olunan enerji sahəsinin inkişafı üçün xarici investisiyaların cəlb olunmasına çalışdığını bildirdi: "Artıq Səudiyyə Ərəbistanı və daha bir neçə ölkənin şirkətləri tərəfindən bu sahəyə böyük maliyyə vəsaitləri yatırılır. Yaxın vaxtlarda ilk istehlak prosesinə başlayacaqlar. Bu günə qədər istehlak olunan elektrik enerjisi dövlət tərəfindən yatırılan investisiyalar və təbii ehtiyatlar hesabına əldə edilir. Belə ki, su elektrik stansiyalarının işi mazut və qaz hesabına həyata fəaliyyət göstərir. Dövlət qeyd edilən güzəştləri tətbiq edərsə və bu sahə vergidən azad olunarsa, bu, həm ölkə daxilində iri, orta və kicik investorların diqqətini cəlb edəcək, həm də xarici investisiyaların ölkəmizə gəlməsinə xidmət edəcək". Son vaxtlar bəzi ölkələrdə enerji sahəsində qiymət artımlarının baş verdiyini deyən ekspert qeyd etdi ki, tətbiq ediləcək güzəştlər ölkəmizdə inflyasiyanın və qiymət artımının qarşısını alacaq. Onun sözlərinə görə, ölkədə istehlak olunan elektrik və digər enerji mənbələri alternativ enerji vasitəsilə istehsal olunarsa, dünya enerji bazarlarında daha baha qiymətə satılacaq: "Bundan da dövlətimiz əlavə maliyyə vəsaitləri əldə edəcək. Bu gün dünyada alternativ və bərpaolunan enerji mənbələri müasir innovasiyaların və texnologiyaların tətbiqi nəticəsində əldə olunur. Əgər bunlar ölkəmizə gətirilərsə, həm yeni inkişaf mərhələsinə qədəm qoyacağıq, həm bu sahədə mütəxəssislər yetişdirəcəyik, həm də dünya iqtisadiyyatına və bu texnologiyaları istehsal edən ölkələrin iqtisadiyyatına inteqrasiya edəcəyik".