Bayramovdan İrəvana mesaj: Bu haqda
DÜŞÜNÜN
“Parisdə beynəlxalq tədbirdə iştirak edərkən ermənilər bu şəhərdəki səfirliyimizə hucum edir, güc tətbiq edərək səfirlik binasına daxil olmağa çalışırlar. Demokratiya qonşu dövlətin torpağını 30 il işğal altında saxlayıb, şəhər və kəndləri xarabalığa çevirib, 700 mindən çox insanı öz dogma torpaqlarından didərgin salıb onun xarici səfirliklərinə barbarcasına hucum etməkdirmi? İrəvanda əsassız bəyanatlar verənlər bu haqda da düşünməlidirlər”. Globall.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyllərə cavab vermək gücündədir: “Bu güc sadəcə siyasi və iqtisadi potensial ilə məhdudlaşmır. Eyni zamanda, birliyimizin yaratdığı üstünlükdür. Azərbaycan xalqı hər zaman dövlətinin yanındadır və olacaq. İrəvan daxil olmaqla bəzi paytaxlarda səsləndirilən qərəzli bəyanatlardan “həvəslənib” bu birliyimizi pozmaq istəyən marginal qrupların cəhdləri həvəsdən başqa heç nə olmayacaq. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var”.