XİN-dən Bayramov-Mirzoyan görüşü ilə bağlı AÇIQLAMA
Xarici İşlər Nazirliyi bu gün BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə nazir Ceyhun Bayramovla Ermənistannın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşlə bağlı açıqlama yayıb. XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov görüşdə postmünaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb: "Nazir Ceyhun Bayramov 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib". Görüşdə nazir Ermənistanın 30 il ərzində ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb: "Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib". Nazir Ceyhun Bayramov liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlara hazırlığını bir daha diqqətə çatdırıb.