Laçın yolu:
RƏSMİ XƏRİTƏ yeniləndi
Rusiya Müdafiə Nazirliyinin saytı Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və Ermənistana gedən Laçın yolunu əhatə edən nəzarət zonasının xəritəsini yeniləyib. Xəritədən Laçın rayonu ərazisində Rusiya hərbi kontingentinin 3 müşahidə postunun olduğu görünür, ancaq hər hansı məntəqənin adı verilmir. Globall.az xəbər verir ki, sentyabrın 18-dən 19-dək Laçın şəhəri və rayonun Ağanus kəndi sülhməramlıların nəzarət zonasında göstərilmiş, bu, anlaşılmazlıq doğurmuşdu. İkinci Qarabağ müharibəsinin bitdiyi 10 noyabr 2020-ci ildən Laçın rayonunun bir hissəsi Yuxarı Qarabağdan Ermənistana gediş-gəliş üçün ayrılıb. Həmin yolun üstünə düşən Laçın şəhərinə və rayonun Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndlərinə Rusiya sülhməramlı kontingenti nəzarət edib. 2022-ci il avqustun 11-də Laçın şəhəri və rayonun kəndlərindən yan keçən yeni yolun inşası bitib, avqustun 26-da Laçın rayonunun tam azad edildiyi, avqustun 30-da Rusiya sülhməramlı kontingentinin yeni yolun mühafizəsinə keçdiyi bəyan olunub. Yolun Ermənistandakı hissəsinin 2023-cü il aprelin 1-də tam istifadəyə veriləcəyi vurğulanır. (novator.az)