Premyer Liqanın bu günə olan matçları
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək. Günün ilk matçı Tovuzda olacaq. 11 xalla 6-cı sırada yer alan "Turan Tovuz" 8 xalla turnir cədvəlində özündən 1 pillə aşağıda qərarlaşan "Səbail"lə qarşılaşacaq. Komandalar arasında yeganə qarşılaşma cari mövsümə təsadüf edib. Bölgə təmsilçisi səfərdə 1:0 hesabı ilə qalib gəlib. Turun digər oyununda "Zirə" "Sabah"ın qonağı olacaq. Murad Musayevin baş məşqçi olduğu meydan sahibləri hazırda 22 xalla 2-ci, Rəşad Sadıqovun rəhbərlik etdiyi qonaqlar isə 16 xalla 4-cü pillədə qərarlaşıblar. İki komanda indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunların 7-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıb. 5 oyun heç-heçə başa çatıb. Topların nisbəti də "Sabah"ın xeyrinədir - 25:21. Tərəflər arasındakı son 7 görüşdə ən azı 2 qol qeydə alınıb. Ardıcıl iki dəfə eyni hesabla uduzan “Zirə” son 8 oyunda meydanı qolsuz tərk etməyib. Azərbaycan Premyer Liqası 15 oktyabr (şənbə) 15:00. “Turan Tovuz” – “Səbail” Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov Hakim-inspektor: Babək Quliyev Tovuz şəhər stadionu. 17:30. “Sabah” – “Zirə” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Cavid Cəlilov Hakim-inspektor: Munis Abdullayev “Bank Respublika Arena". Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" evdə "Qəbələ" ilə heç-heçə edib - 1:1. Tura oktyabrın 16-da keçiriləcək "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.