“Şimal axını”nın zərər görmüş hissəsinin fotosu yayıldı
Rusiyanın “Şimal axını” qaz boru kəmərinin zərər görmüş 50 metrlik hissəsinin görüntüləri yayılıb.
Görüntüləri İsveçin “Expressen” qəzeti yayıb.
Fotoların Baltik dənizinin səthindən 80 metr dərinlikdə çəkildiyi bildirilir.
Məlumata görə, sualtı kamera dənizin dibində dərin çatlar qeydə alıb.
Xatırladaq ki, sentyabrın 26-sı “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Sentyabrın 29-u isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını aşkarlayıb. Sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşdiyi bildirilir. Hər iki ölkə sızmaların təsadüfi deyil, məqsədyönlü hərəkətin nəticəsi olduğuna dair əlamətlər olduğunu bildirib. Avropa İttifaqı, həmçinin bəyan edib ki, boru kəmərlərində qaz sızması təsadüfi deyil, qəsdən törədilmiş hərəkətlərin nəticəsidir.
Rusiya Prezidenti Vladimir Putin isə oktyabrın 10-u bildirib ki, Rusiyanın “Şimal axını” qaz kəmərlərində baş verən partlayışla bağlı araşdırmada iştirakına icazə verilmir.(qafqazinfo)