Kimlər jurnalist kimi çalışa biləcək?
Media subyektləri qeydiyyata alınarkən KİV qurumlarının fiziki və hüquqi şəxs olaraq qeydiyyata alınması normaldır. Çünki, bu zaman o şəxslərin (sayt, televiziya, qəzet və s. rəhbərləri ) kimliyindən məlumatımız olacaq. Bu sözləri açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, jurnalistlərin reyestrə alınması zamanla ortaya çoxlu suallar çıxaracaq: “Mahiyyət etibarilə bunun hüquqi aspektləri hələ həll olunmayıb. Məsələyə indiki qeydiyyat şərtlərilə yanaşsaq, istər jurnalist, istərsə də qeyri jurnalist olsun onlar media sahəsində əməkdaşlıq edirlərsə, mütləq həmin media qurumu ilə əmək müqaviləsi bağlamalıdırlar. Həmin müqavilə əsasında da diplomu olan və ya olmayan jurnalist reyestrdən keçə bilər. Amma burada ortaya başqa məsələ çıxır. Qeydiyyat şərtlərinin digər maddəsi ondan ibarətdir ki, jurnalistin mütləq ali təhsili olmalıdır. Qurumda çalışan şəxs təhsil alırsa, o, natamam ali təhsilli hesab olunur. Burada belə uyğunsuzluqlar da var. Mənə elə gəlir ki, Media Agentliyi bir yol tapıb, bu uyğunsuzluğu aradan qaldıracaq”.