Daun sindromlu gənclər üçün iş yeri yaradıldı
Türkiyənin Ordu şəhərində 15 daun sindromlu gənc kafedə işə başlayıb.
Onların sosiallaşması üçün bu addımın atıldığı bildirilir.
“Kafenin ticarət obyekti kimi fəaliyyət göstərdiyi görünsə də, əsas məqsəd məhdudiyyətli uşaqların ətraf-mühitlə adaptasiya olmaları və cəmiyyətə qaynayıb-qarışmalarını artırmaqdır. Bura qəsəbədə yaşayan sindromlu gənclərin ikinci evi olacaq”, - Altınordu Bələdiyyə Başqanı Aşkın Törən belə deyib.
Kafedə çalışanlardan biri Melike Sima Gürkan deyib ki, belə yerdə işləməsi xəyalı olub: “Allaha şükürlər olsun, arzum gerçəkləşdi. Çox sevincliyəm”.
“Övladlarımızın ömürboyu bizə bağlı olmasını istəmirik. Onlar burada hər şeyin ən yaxşısını bacara bilərlər. Ana olaraq övladıma güvənirəm” – məhdudiyyətli uşaqlardan birinin anası Nurşən Gülər belə deyib.
Digər daun sindromlu gənclərin valideynləri də oxşar fikirləri bölüşərək yaradılan şəraitə görə məmnunluqlarını ifadə ediblər.