Yağıntılı hava nə vaxta kimi davam edəcək?
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i gündüzədək davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən Globall.az -a verilən məlumata görə, noyabrın 6-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi arabir güclənib. Qar örtüyünün hündürlüyü Xınalıqda 15 sm, Qrızda 11 sm, Ləzədə 9 sm, Şahdağda 7 sm, Qaxda 3 sm, Xaltanda 1 sm olub. Düşən yağıntının miqdarı Qrızda 22.0 mm (aylıq normanın 77%-i), Şabranda 16.0 mm (aylıq normanın 53%-i), Qax, Qubada 15.0 mm (aylıq normanın 32%-i), Qusarda 15.0 mm (aylıq normanın 32%-i), Xaçmazda 13.0 mm (aylıq normanın 40%-i) olub. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.