8 Noyabr - Tariximizin şərəfli səhifəsi
“Uzun illər Azərbaycan xalqı belə bir həsrət və ümidlə yaşayırdı: Şuşa nə zaman azad ediləcək? Bu, mümkün olacaqmı? İllər ötdükcə ümidlər də xəyala çevrilirdi. Lakin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-dən başlayan və millətin toy-bayrama gedən kimi qoşulduğu müharibənin yekunu bu həsrətə son qoydu, millətin ümidlərini, xəyallarını gerçəkləşdirdi, üstündəki ləkəni cildi, qamətini düzəldi, başını uca etdi”.
Bunu açıqlamasında AMEA-nın müxbir üzvü, deputat Musa Qasımlı deyib.
Deputat daha sonra qeyd edib: “Hamı xatırlayar, Vətən müharibəsi günlərində Azərbaycan milləti hər axşam televiziya ekranları qarşısında oturub Prezident İlham Əliyevin növbəti qələbə xəbəri dolu müraciətini eşitmək istəyir, Şuşanın azad edilməsi müjdəsinin verilməsini gözləyirdi. Nəhayət, həmin an gəldi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarı ziyarət edərək xatirəsinə ehtiram bildirdilər, abidənin önünə əklil qoydular.
Daha sonra cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər Xiyabanına gələrək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarlarına gül dəstələri düzdülər. Şəhidlər Xiyabanında Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək millətin uzun illər boyu həsrətində olduğu şad xəbəri verdi. Şuşa şəhərinin işğaldan azad edildiyini ölkə rəhbəri belə bəyan etdi.
Uzun illər boyu davam edən mənasız danışıqlar heç bir nəticə vermədi. Dövlət başçısı vurğuladı ki, əzəli tarixi torpaqlar 30 ilə yaxın işğal altında qaldı, danışıqlar prosesində Ermənistan tərəfi vaxt udmaq, status-kvonu möhkəmləndirmək və əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar vəziyyətlə barışmağa təhrik etmək istəsə də, Azərbaycan dövləti qətiyyət, cəsarət, siyasi iradə göstərərək milli maraqlara cavab verməyən heç bir razılaşmaya getməmişdi. Azərbaycanın əsas vəzifəsi ərazi bütövlüyü idi”.
O əlavə edib ki, qəhrəman Azərbaycan ordusu məhz Müzəffər Ali Baş Komandan İlham Əliyev birbaşa rəhbərliyi altında Şuşa təcavüzkar Ermənistanın işğalından azad edildi.
“Bu, Azərbaycan dövlətinin sistemli şəkildə yürütdüyü uğurlu xarici siyasət fəaliyyəti nəticəsində mümkün oldu.
Qələbənin qazanılmasının mühüm amillərindən biri güclü ordunun qurulması və müdafiə sənayesinin yaradılması oldu. Heç də asan olmayan bu proseslər Cənab Prezidentin yürütdüyü xarici, daxili, iqtisadi siyasət nəticəsində mümkün oldu.
Şuşa ölkəmizdə sabitlik, qayda-qanun, güclü dövlət, qüdrətli dövlət rəhbəri olanda işğaldan xilas edildi. Deməli, Azərbaycan millətinin bundan sonrakı bütün inkişafının və qarşıya qoyduğu hədəflərə çatmasının təməlində məhz bu amillər dayanır.
8 Noyabr sadəcə iki il əvvəlki şanlı tarix deyil, eyni zamanda millətimizin gələcək hədəflərinə çatmasından ötrü çıxdığı müqəddəs yolun başlanğıcıdır. İki il əvvəl bu qürurverici tarixi yaradan da, yeni yolun təməlini qoyan da Prezident İlham Əliyevdir...”