Dünyada ərzaq ucuzlaşır: Azərbaycanda niyə bahalıqdır?
Dünya ərzaq qiymətləri taxıl qiymətlərinin yüksək olmasına baxmayaraq oktyabrda da ucuzlaşıb.
Belə ki, dünya ərzaq qiymətləri oktyabr ayında ardıcıl yeddinci aydır ki, martda olan tarixi zirvədən 14,9 faiz aşağı düşüb.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən dünya ərzaq qiymətləri indeksi oktyabrda 135,9 bəndə düşüb.
Ümumilikdə qiymətlər düşsə də, Ukraynadan ixracla, ABŞ istehsalındakı qeyri-müəyyənliklərlə bağlı taxıl indeksi 3 faiz, buğda isə 3,2 faiz artıb.
Qeyd edək ki, Azərbaycanda ərzaq qiymətlərində bahalaşmanı adətən dünya bazar qiymətlərindəki artımla əlaqələndirirlər. Lakin bu gün görünən odur ki, dünya bazarında bir sıra məhsullarda ucuzlaşma baş versə də, ölkəmizdə mövcud qiymətlərdə bunu müşahidə etmək mümkün deyil. Əksinə, bahalaşma davam etməkdədir.
Maraqlıdır, dünya bazarında bahalaşma baş verdikdə niyə ölkəmizə tez təsir etdiyi halda, ucuzlaşma yaranarkən bu özünü göstərmir?
İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirdi ki, dünyada taxıl və bitki yağlarından başqa ərzağın ucuzlaşması əsasən yay aylarında müşahidə edildi:
"Payız ayları gəldikcə bu ucuzlaşma tempi tədricən aşağı düşür. Bu gün dünyada ucuzlaşma ciddi xarakter daşımır və 2-3 faiz təşkil edir. Ancaq dünya bazarında gedən prosesin Azərbaycan bazarına təsirinə gəldikdə isə hazırda dünyada 10-15 faiz ucuzlaşma baş versə belə, o ölkəmizə gec təsir edəcək.
Çünki bunun təsir mexanizmi yoxdur. Bu gün Azərbaycanın həm idxalı, həm ixaracatı, həm də yerli istehsalı monopoliya altındadır. Yəni monopolist istəsə qiyməti ucuzlaşdıra bilər. Bu il Azərbaycan hökumətinin bir sıra məhsulların ƏDV-dən azad edilməsi ilə bağlı gördüyü tədbirlər vardı.
Məsələn, yayda heyvan yemlərini ƏDV-dən azad etdilər ki, bu da 18 faiz ucuzlaşma demək idi. Ancaq biz bunun əksini müşahidə elədik. Yem bahalaşdı və onun fonunda ət də bahalaşdı. Azərbaycan hökumətinin özünün atdığı addımlar səmərə vermədi. Çünki inhisarçı bazarda sahibkarın mənfəət götürməklə bağlı düşüncəsi yalnız qiyməti artırmaqdır. Rəqabətli bazarda rəqiblərin təzyiqi ilə qiymət optimallaşır. Ancaq inhisarçı bazarda isə inhisarçının qarşısında qiyməti bahalaşdırmaq üçün heç bir maneə yoxdur. Ona görə də inhisarçı bazarın sahibkarı qiyməti artırmağa meyillidir. Bəzən süni bahalaşma ilə bağlı kampaniya aparırlar. Ancaq əslində hökumətin təsir mexanizmi yoxdur, yalnız inzibati qaydada sahibkara təzyiq edə bilər".
Ekspert deyir ki, əslində bazar iqtisadiyyatına keçid dövrü bitib və artıq hökumət sahibkara qiymət diqtə etməməlidir:
"Ancaq məsələ ondadır ki, bazar iqtisadiyyatı modeli fəaliyyət göstərən ölkədə monopoliya, inhisarçılar da olmamalıdır. Hökumət əslində bu inhisarçılara qarşı mübarizə aparmalıdır ki, bazarın, məsələn, 5 faizindən çoxu heç bir sahibkarın nəzarətinə keçə bilməz. Bununla bağlı qanun qəbul olunmalıdır. Azərbaycanda isə "Rəqabət haqqında" Qanunda isə göstərilir ki, bazarın 30 faizindən artığı bir sahibkarın əlində cəmləşə bilməz. Bu da çox böyük paydır. Həmin qadağanı keçmək üçün 4 şirkət yaratmaq kifayətdir.
Məsələn, mobil rabitə bazarında əvvəllər iki şirkət var idi. O zaman qanun uyğunlaşmırdı və bölündükdə 50 faiz təşkil edirdi ki, o zaman digər bir şirkət də yaratdılar. Ölkədə inhisarçılığı hökumət aradan qaldırmalıdır və bu zaman heç bir sahibkara qiymətə görə təzyiq etməyə ehtiyac yoxdur. Rəqabətli bazar yaranacaq və ədalətli bazar formalaşacaq.
Rəqabətli bazarda sahibkar qiyməti ucuzlaşdırmaq üçün imkanlar axtarır. İndi ölkədə alıcı uğrunda mübarizə yoxdur. Ona görə dünya bazarında gedən proseslər Azərbaycanın daxili bazarına operativ olaraq təsir edə bilmir".