Rəşad Dağlını neçə il həbs cəzası gözləyir?
Tanınmış meyxana ustası Rəşad Dağlı bu gün səhər saatlarında qonşusu, keçmiş məhbus İsgəndər Mehdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirib. Rəşad Dağlı kimi tanınan Əmirov Rəşad Vaqif oğluna qəsdən adam öldürmə maddəsi ilə cinayət işinin qaldırılacağı ehtimal olunur. Bu, Cinayət Məcəlləsinin 120.1-ci maddəsidir. Həmin maddəyə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma sözügedən cinayət işində yüngülləşdirici halların olacağı və məhkəmə prosesində onların nəzərə alınacağı istisna olunmur. Çünki hadisənin təfərrüatları hələ tam aydın deyil. Hazırda təqsirləndirilən şəxsin, yəni Rəşad Dağlının indiyədək məhkumluğunun olmaması, polisə könüllü təslim olması və cinayətini səmimi etiraf etməsi məhkəmə prosesində yüngülləşdirici hal kimi onun xeyrinə nəzərə alına bilər. Üstəlik, meyxanaçının öhdəsində azyaşlı övladı var. (yenisabah.az)