Tramp prezidentliyə namizədliyini rəsmən elan etdi
Globall.az xəbər verir ki, o, bu barədə çərşənbə axşamı Floridada tərəfdarlarına xüsusi müraciəti zamanı deyib: "Bu gün mən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm". Tramp əlavə edib ki, o, bu qərarı “Amerikanı yenidən böyük və əzəmətli etmək” üçün verib: “Səslərinizi, dəstəyinizi, dostluğunuzu və dualarınızı istəyirəm. Bu, inanılmaz, lakin təhlükəli macəra olacaq”, - deyə o əlavə edib. Çərşənbə axşamı, onun çıxışından bir müddət əvvəl, ABŞ Federal Seçki Komissiyasının saytında Trampın 2024-cü il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün müraciət etdiyini və bunu edən ilk iddiaçı olduğunu göstərən məlumat yayılıb. Tramp bir neçə yüz nəfərlik izdiham qarşısında çıxış edərkən, əvvəlki kampaniya menecerləri, köməkçiləri və onun kampaniyasında iştirak etməyi planlaşdırmadığını bildirən qızı İvanka da daxil olmaqla bir çox uzun müddətdir dəstəkləyənlər orada görünməyib. İvanka: "Mən atamı həmişə sevib dəstəkləsəm də, bundan sonra da bunu siyasi arenadan kənarda edəcəyəm", - deyə açıqlama vermişdi. Qeyd edək ki, Trampın qərarı həm də partiyasından bəzilərinin yaşı və aşağı reytinq göstəriciləri ilə bağlı narahatlıqlarına baxmayaraq, yenidən seçilmək niyyətində olduğunu söyləyən Baydenlə potensial revanş üçün yol açır. Bu iki şəxs 2020-ci ildə namizədliklərini irəli sürdükləri zaman indiyə qədər ən yaşlı prezidentliyə namizədlər idilər. 76 yaşı olan Trampın 2029-cu ildə ikinci müddətinin sonunda 82 yaşı olacaq. 80 yaşına çatmaq üzrə olan Baydenin 86 yaşı olacaq. ABŞ prezidenti Co Bayden noyabrın 9-da 2024-cü ildə yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparacağını açıqlasa da, yekun qərarı yalnız gələn ilin əvvəlində verəcəyi barədə xəbərdarlıq edib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini yenidən irəli sürəcəyini bildirib.