Bu tədbirlər məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək - ŞƏRH
"Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən biri xalqımızın üzün illərdir gözlədiyi Böyük qaydışın reallaşdırılmasıdır. Özlüyündə bu, çətin, mürəkkəb ancaq eyni zamanda müqəddəs bir vəzifədir".
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov deyib.
Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı bir sıra tədbirlər görülür:
"Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdədir. Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı haqqında" sərəncam imzaladı. Sərəncamda böyük qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyələndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə tutulur, eyni zamanda görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir. Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək".