Restorana çevrilən XIX əsrin memarlıq abidəsi hələ də əvvəlki vəziyyətinə qaytarılmayıb: İki ay keçib
Təxminən iki ay bundan qabaq paytaxtın Qoqol küçəsində yerləşən, XIX əsrdə tikilmiş memarlıq abidəsinin xarici görünüşünə qanunsuz dəyişiklik edilməsi və onun restorana çevrilməsi ilə bağlı məlumat vermişdik. Rəsmi qurumlar qanun pozuntusunun aradan qaldırılacağını desələr də, hələ də heç bir nəticə yoxdur.
Oxu.Az-ın əməkdaşları ərazidə yenidən çəkiliş aparıblar, bu dəfə sakinlərin şikayətləri əsasında. Belə ki, sakinlər nəinki tarixi binanın estetik görünüşünə vurulan ziyandan narazıdırlar, eyni zamanda Nəsimi Rayon İcra Hakimiyyətinin məsələdən məlumatlı olsa da, heç bir tədbir görmədiyini deyirlər.
Sakinlər eləcə də restoranın işçilər üçün ayrılan giriş-çıxış qapısının ağzındakı natəmizlikdən şikayətçidirlər. Onların sözlərinə görə, zibillər qalaq-qalaq yığılır, atılmır:
“Əraziyə siçanlar doluşur. Natəmizliyin qarşısını ala bilmirik. Özlərinə də demişik ki, zibilləri vaxtında atsınlar. Ya da restoranın məhəllənin içərisində olan qapısı bağlansın, işçilər də hamı kimi əsas giriş-çıxışdan istifadə etsinlər. Tarixi binanın pəncərələrini qapı ediblər, heç kim bir söz demir. Amma biz binanın bir kərpicinə toxunsaq, hamımızı köçürdərlər”.
Daha da maraqlı məqam odur ki, sözügedən tarixi binanın görünüşünə bundan əvvəl də müdaxilə olunduğu məlum olub.