Arif Hacılı:
"Bizə qarşı iyrənc kampaniya aparırlar"
Milli Şuranın Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi.
Bu sözləri öz Feysbuk səhifəsində Müsavat Partiyası başqanı Arif Hacılı paylaşıb.
O bildirib ki, Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş ən iyrənc kampaniyanın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxdı:
“Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür.
Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz”.
A.Hacılı qeyd edib ki, Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdiyi bəzi tərəflərdən üzr istəməsinə müsbət yanaşır, eyni zamanda Milli Şura sədrindən də analoji üzr gözləyir.