Seçki sürprizi:
Ərdoğan erkən seçkiyə gedir?
Türkiyədə prezident seçkilərinin vaxtının önə çəkiləcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Globall.az xəbər verir ki, qardaş ölkənin siyasi arenasında erkən seçki olacağı ilə bağlı ciddi müzakirələr gedir. Ölkənin ən böyük iki partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə Ədalət və İnkişaf Partiyasının (AKP) son addımları bu ehtimalları daha da gücləndirib. Türkiyə mediasında yer alan xəbərlərə görə, CHP sədri Kamal Kılıçdaroğlunun qərarına əsasən gələn il keçiriləcək parlament seçkilərində deputat namizədi olaraq iştirak etmək istəyən bələdiyyə sədrlərinə 26 dekabra qədər istefa verməyi tapşırılıb. Bu qərarın həm də prezident seçkiləri üçün namizəd olmaq istəyən bələdiyyə sədrlərinə şamil oluna biləcəyi ehtimalı az da olsa da var. Lakin burada bir məqam olduqca diqqət çəkir. Belə ki, istefa verəcək və seçkilərə qatılacaq şəxslə bağlı qərarı Kamal Kılıçdaroğlunun şəxsən təsdiqləyəcəyi vurğulanıb. Bu isə adı prezidentlik uğurda mübarizədə hallanan Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna bir mesaj kimi qiymətləndirilir. Yəni, ekspertlər hesab edirlər ki, bununla da mövcud şərtlərdə hər iki şəxsin Kılıçdaroğlunun təsdiqini almadan namizəd olmasının qarşısı alındı. Bildirək ki, bənzər qərarı AKP də verib. Yəni parlament seçkilərində iştirak etmək istəyən AKP-li bələdiyyə sədrləri dekabrın sonuna qədər istefa verməlidir. İki böyük partiyanın dekabrın sonu üçün belə bir qərar verməsi erkən seçki ehtimallarını artırıb. Siyasi kulislərdə dolaşan iddialara əsasən Türkiyədəki prezident seçkiləri aprel ayında keçiriləcək. Sözügedən seçkilərin aprel ayının birinci və ya ikinci bazar gününə təsadüf edəcəyi iddia olunur. /Cebhe.info/