Umayra Tağıyeva: “Hazırkı temperatur rejimi noyabr ayı üçün səciyyəvi deyil”
“Hazırda ölkə ərazisində müşahidə olunan temperatur rejimi noyabr ayı üçün səciyyəvi deyil”.
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, çoxillik norma göstəricilərilə müqayisədə havanın temperaturu təxminən 7 dərəcə yüksəkdir:
“Respublikanın dağlıq ərazilərində günorta saatlarında temperatur təxminən Bakı və Abşeron yarımadasında müşahidə olunan temperatura yaxındır. Dağlıq ərazilərdə havanın temperaturu 13-16, Bakı və Abşeron yarımadasında isə 16-18 dərəcə qeydə alınır”.
O bildirib ki, yaxın günlərdə havanın temperaturu dəyişəcək:
“Noyabrın 27-də axşama doğru Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək. Bu cür hava şəraiti noyabrın 28-i axşama kimi davam edəcək. Küləyin maksimal sürəti 20-25 m/s olacaq. Havanın temperaturu enəcək. Ayın 28-də ötən günlərlə müqayisədə havanın temperaturu 5-8 dərəcə enəcək.
Noyabrın 29-u və dekabrın ilk günlərində Bakı və Abşeron yarımadasında hava soyuq olacaq. Maksimal temperatur günorta saatlarında 7-10 dərəcəyə yaxın olacaq. Əsasən, şimal-şərq küləyi əsəcək. Bu dövr ərzində fasilələrlə hava şəraitinin yağıntılı olacağı gözlənilir”.
U.Tağıyeva əlavə edib ki, respublikanın rayonlarında noyabrın 26-da yağıntılar qeydə alınacaq:
“Yağıntıların növbəti günlərdə intensivləşəcəyi, temperaturun enəcəyi, dağlıq və dağətəyi zonada yağıntıların qar şəklində düşməsi proqnozlaşdırılır”.