Qafar Çaxmaqlı:
"İrəvan xanının varislərinə təkliflərimiz olacaq"
Məlum olduğu kimi, mayın 10-da Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan olunub. Bu təşəbbüs Bütöv Azərbaycan Ocaqlarının keçirdiyi videokonfransda reallaşıb. Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı təşəbbüs qrupuna sədr seçilib.
Mayın 16-da moderator.az-a açıqlamasında Qafqar Çaxmaqlı deyib ki, sözügedən videokonfransa İrəvan xanının varislərindən olan Əmir Əli Sərdari İrəvani də qatılıb:
"Əmir Əli Sərdari İrəvani videokonfransda mükəmməl bir təqdimat etdi. İrəvan şəhərinin mədəniyyəti, orada olan milli mədəni varlıqlarımızla bağlı çoxlarının bilmədiyi bir çox həqiqəti açıqladı. Onun bəhs etdiyi abidələrin indi heç biri yoxdur. 1920-ci ildən sonra hamısı yox edilib. Əmir Əli Sərdari İrəvani abidələrlə bağlı qiymətli sənədləri çox dəqiqliklə toplayıb və vaxtaşırı onların təqdimatını edir. Videokonfransda bizim elan etdiyimiz Qərbi Azərbaycan (İrəvan) Respublikasi ilə bağlı polemikamız da oldu. Əmir Əli Sərdari İrəvani təşəbbüsümüzü alqışladığını dedi. Mən onun vətən sevgisinə heyranam. Şübhəsiz, Əmir Əli bəylə bundan sonra da əlaqələrimiz olacaq. Ona təkliflərimiz də olacaq. Düzdür, Əmir Əli bəy siyasət adamı olmadığını deyir, amma biz onun İrəvanın mədəni varlıqları ilə bağlı bilgilərindən yararlanmalıyıq. Əmir Əli Sərdari İrəvani və İrəvan xanının nəslindən olan başqa şəxslər varis, mirasçı kimi iddia qaldıra bilərlər. Biz bu məsələnin də üzərində işləyəcəyik".
Qafar Çaxmaqlı onu da bildirib ki, növbəti mərhələdə Qərbi Azərbaycan (İrəvan) Respublikası ilə bağlı təşkilati məsələləri həll edəcək, təşkilat komitəsi yaradacaqlar.
Qeyd edək ki, 46 yaşlı Əmir Əli Sərdari İrəvani Almaniyada yaşayır, yüksək texnologiyalar üzrə aparıcı mühəndisdir.