Xaricə axının qarşısını necə alaq? –
“Qəbulda fənlərin sayı 3-ə endirilsin”
Azərbaycan ali məktəblərinə daxil ola bilməyən abituriyentlərin ən aşağı balla Türkiyə universitetlərinə asanlıqla qəbul olması mövzusu yeni deyil. Hətta 10 bal toplamış gənclər orta məktəb attestatı ilə Türkiyədə tələbə ola bilir. Paradoksal hal budur ki, Elm və Təhsil Nazirliyi qonşu ölkədə bu qayda ilə qəbul olmuş məzunların diplomlarını tanıyır. Mövzu ilə bağlı Yenisabah.az-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, Azərbaycan vətəndaşı, Azərbaycana aid ali təhsil müəssisələrinə imtahan əsasında qəbul ola bilmirsə, mütləq xaricə üz tutacaq: “Nəticə etibarilə bu qeyri-qanuni status daşıyır. Elm və Təhsil Nazirliyi həmin məzunların diplumunu, qanuna əsasən, tanımamalıdır. Tanınma üçün həmin şəxs müəyyən keyfiyyətlərə malik olmalıdır. Yəni vətəndaşın iddia etdiyi tədris dilini, ixtisası bilməsi. Əks təqdirdə onların diplomu tanınmamalıdır. Hər birimiz məhz bunun tərəfdarıyıq. Çünki ölkədə saxta diplomlu vətəndaşlar kifayət qədər çoxdur. Onların nə hoqqa çıxardıqları bəllidir. Qaldı ki, keçid balını aşağı endirmək. Bu nə deməkdir axı? Biz keçid balını endirməklə nəyə nail olacağıq? Dövlət İmtahan Mərkəzi isə bəzi ixtisasların keçid balını 150-yə endirib. 150 bal toplaya bilməyən adam təhsil almaq istəyirsə, onu hara yerləşdirək? Tutaq ki, yerləşdirdik, o nəyə nail olacaq?! Aşağı bal toplayıbsa, orta ixtisaslı təhsil müəssisələrinə üz tutsun. Vəziyyət olduqca acınacaqlıdır. Əgər universitet öz tələbələrinə normal təhsil verə bilmirsə, qəbulda 150 bal toplamış tələbəyə nə təhsili verəcək?! Əlbəttə, keçid balını aşağı endirmək yox, qəbulun formatın dəyişməliyik. Məsələn, abituriyent 6 fənn üzrə hazırlaşırsa, onu 3-ə endirməliyik. Ali məktəbə qəbul olmağa çalışan abituriyentin yox, məhz təhsil alan tələbələrin semestr imtahanları çətinləşdirilməlidir. Ancaq bu yolla yüksəkixtisaslı ali kadrlar yetişdirə bilərik”.