Fırıldaqçılığın yeni növü: İnsanları torlarına necə salırlar? -
ŞOK FAKTLAR
“Pul sənə axın etsin istəyirsən? Pulu özünə cəlb edən kodlamanı əldə et və pul qabını sehirlə... Arzuların var və tez zamanda reallaşmasını istəyirsən? Dilək kodlaması ilə dünyaya mesaj göndər və istəyini tez bir zamanda əldə et” və s. Yəqin ki, bu tipli paylaşımlar edən bir çox sosial şəbəkə profilləri ilə siz də tez-tez qarşılaşırsınız. Maraqlısı budur ki, bu profillərin çox sayda izləyicisi var. Bunların saxta və ya həqiqi izləyicilər olmaları da ayrı bir mövzudur. İndi keçək əsas məsələyə. 10-15 il öncə belə bir tendensiya var idi ki, insanlar psixoloq yanına getməyə çəkinirdilər. Ölkəmizdə bu hal normallaşmağa başlamışdı ki, ortaya bu şarlatanlar çıxdı. İnsanların çarəsizliyindən və etibarından sui-istifadə edərək onları öz torlarına saldılar. Təsəvvür edin ki, adını çəkmək istəmədiyimiz, özünü “life coach” adlandıran biriləri “sənə ruzi-bərəkət gətirəcək”, - deyib 500 manata pulqabları satır. Amma etiraf edək ki, bu rituallar ən çox elə həmin şarlatanların özünə yarayır. Onlar bu ritualları spritualizmlə əlaqələndirirlər. Son zamanlar bu sözü tez-tez eşitməyə başlamışıq. Bəs spritualizm nədir? Bəzi mütəfəkkirlər axirətə və haqq-hesab gününə inanarkən, bəziləri ruhun reinkarnasiya yolu ilə başqa bədənlərdə yenidən doğulacağına inanırlar. 20-ci əsrin sonunda Neo-Spiritualizm adlı yeni bir cərəyan meydana çıxdı. Bu hərəkətdə hipnoz və psixi güclər mühüm yer tutur. Son illərdə spiritizmdə "Hipnoz" anlayışı daha çox istifadə olunmağa başlayıb. Hipnoz üsulu ilə insanların keçmişə və gələcəyə səyahət edə biləcəyinə inanılır. Heç bir təhsili olmadan psixoloqların işini görməyə çalışanların özlərinin psixoloji vəziyyəti nə yerdədir? Məsələ ilə bağlı Publika.az-a danışan sosioloq Sənubər Heydərova düşünür ki, bu fırıldaqçılar “sehirli çubuqları” olduğuna inandırıb insanları tora salırlar. “Fırıldaqçılar hər dövrdə olub. İndi sadəcə yeni vasitə olan sosial şəbəkədən istifadə edirlər. Hər bir halda bu onların fırıldaqçı olduğu gerçəyini dəyişmir. Madiyyat bizim əsəblərimizə, psixologiyamıza və ailə münasibətlərimizə təsir edir. İnsanlar özlərini çarəsiz hiss etdikləri zaman həmin fırıldaqçıların vədlərinə inanırlar. Həqiqətən də psixoloji metodlar var ki, psixoloqlar bu yolla pasiyenti müalicə edir. Psixoloqa getməyin üstünlüyü isə ondadır ki, bu zaman şüurlu şəkildə və dərk edərək seanslara qatılırsan. İnsanlar istəyir ki, yüklərindən tez azad olunsun məhz bu səbəbdən də spiritualizmlə məşğul olan insanlara müraciət edirlər. Hər dəfə gündəmə uyğun yeni fırıldaqçılar meydana gəlir. Bu yaxınlarda türk serialı yayımlanırdı. Adı “Zeytin ağacı” idi. Bu serialda genetik kodlar, ailə bağları haqqında danışılır. Bu serial ictimaiyyətə təqdim olunduqdan sonra, bu mövzuda reklamlar etməyə başladılar. Düşünürəm ki, belə insanlar heç olmasa universitet bitirməsələr belə, xaricdəki təlimlərdə iştirak etməlidirlər. Bu məsələdə nəzarət mexanizmi zəifdir. Psixoloqlar haqqında qanun son 2-3 ildə qəbul olunub. Qanunvericilikdə belə bir maddə olmadığına görə, diplomu olmayanlar da psixoloq kimi fəaliyyət göstərə bilirlər”. "Spiritualizm psixologiya elminə aid deyil" Psixoloq Gülər Məmmədova sosioloqun əksinə deyir ki, bu işlə hər kəs məşğul ola bilər. Şərt deyil ki, psixoloq diplomu olsun. Bəzi insanlar var ki, çətinliyə düşəndə, məntiqlə qərar verə bilməyəndə, tənbəllik edəndə asan yollarla sakitləşmək istəyirlər. Həmin prosesdə bu kimi “mütəxəssislər” yardımçı olmağa çalışır. Əslində isə fərd özü-özünü bu vəziyyətdən çıxarmalıdır. Hər insanın psixologiyası fərqlidir. İnsan problemlərini tək həll etmək istəmir. Buna görə də asan yollara qaçırlar. Spiritualizmin geniş vüsət aldığı dönəmdə yaşayırıq. Biz bilirik ki, insanların baza qorxuları var. Bunlar keçmişdə edilən günahlar, ölüm qorxusu, gələcəkdə onları nə gözləyir və s. Bu haqda məlumatsızlıq və ümümiyyətlə qeyri-müəyyənlik haqqında hər zaman insanların beyinlərində suallar olur. Dünyanın hər bir nöqtəsində bu aspektdə şəxsiyyətə yönəlik müəyyən təlimlər keçirilir. Məhz bu təlimlərin sayəsində də təlimçilər insanın həyatda uğur qazanması, bolluq, bərəkət əldə etməsi, karmalarla mübarizə, keçmişdə yaşanmış neqativ hadisələrin silinməsi üçün müəyyən spiritual yöndən xüsusi dərslər alırlar. Bu təlimi hər insan keçə bilər. Şərt deyil ki, onun psixologiya təhsili olsun. Həmin insanlar motivasiya xarakterli, adamların daxilindəki həyəcanı, təlatümü yoluna qoymaq məqsədilə müəyyən şəxsləri özlərinə cəlb edirlər. Spiritualizm psixologiya elminə aid deyil. Psixologiya ruh haqqında elmdir. Sözügedən insanlar da ruh aləminə təsir etmək qabiliyyətinə malik olduqları üçün özlərini psixoloq hesab etməsələr belə, insan sərrafı kimi hiss edirlər. Və bu səbəbdən də onlar pasiyent ifadəsini işlədirlər. Bu insanlar özlərini cəmiyyətə tanıdaraq təlimlərini ödənişli edirlər. "Belə dələduzlar insanlara psixoloji təsir edir" Hüquqşünas İradə Cavadova isə bildirib ki, həmin dələduzlar barəsində cinayət işi açıla bilər. “Bu cinayət məcəlləsinin 178-ci maddəsi ilə tənzimlənən dələduzluq növüdür. İnsanlarin etibarından sui-istifadə edərək onların əmlaklarını ələ keçirirlər. Belə dələduzlar insanlara psixoloji təsir edir. Onlara inanıb, müraciət edənlər də iradəsi zəif insanlardır. Əslində bu işin görünməyən tərəfləri də var. Onlar pul müqabilində, reklam xatirinə bir qrup insanı ətraflarına toplayırlar. Sanki ritualları həqiqətən faydalı olurmuş kimi nəticələr paylaşdırırlar. Nəticədə insanlar buna aldanırlar. Sözügedən vətəndaşlar hüquq mühafizə orqanlarına şikayət etsələr həmin şəxslər barəsində cinayət işi açılar”.