Ailə qurmazdan əvvəl bu testdən keçmək vacibdir - Nazirliyin mütəxəssisi
“Doğulduğumuz zaman artıq 10-dan çox genetik xəstəliyin daşıyıcısı oluruq. Yaşadığımız müddət ərzində bu daşıyıcı xəstəliklər bizdə ya üzə çıxmır, ya da ciddi bir fəsadlara yol açmır. Lakin gələcəkdə ailə qurduğumuz insanın hansı genetik xəstəliklərin daşıyıcısı oldugunu bilmədiyimiz üçün təsadüfən onun daşıdığı genetik xəstəliklərlə eyni xəstəliyi daşımış olarıqsa, bu zaman dünyaya gələcək körpəmizə həmin xəstəlikləri ötürmüş oluruq”.
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, genetik Zakir Bayramov deyib.O, ailə qurmağa hazırlaşan şəxslərin hansı genetik testlərdən keçmələri gərəkdiyindən də danışıb:
“Gələcəkdə ailə qurduqdan sonra belə neqativ hallarla rastlaşmamaq üçün yaxşı olar ki, cütlük bir sıra genetik analizlərdən keçsin və özünü bununla da sığortalamış olsun. Bu analizlərlərə kariotipin təyin edilməsi və ən çox rast gəlinən genetik xəstəliklərin daşıyıcılıq testi aiddir”.
Z.Bayramovun sözlərinə görə, genetik testlər diaqnozu aydınlaşdırmağa və ya mümkün bir xəstəliyin qarşısını almağa kömək edəcək:
“Lakin bunun üçün genetika mütəxəssisinə müraciət etmək tövsiyə olunur. Genetik testlərin sayı və müxtəlifliyi çox genişdir. Məhz buna görə də bu seçimi mütəxəssis özü etməlidir.
Hər bir kəsin ailə qurmamışdan öncə genetik testdən keçməsi vacibdir. Bunun üçün yaşın heç bir fərqi yoxdur. Onu da qeyd edim ki, müəyyən edilmiş genetik test insandan ömründə yalnız bir dəfə götürülür və ikinci dəfə nə zamansa (hətta 20-30 ildən sonra) götürülməsinə ehtiyac olmur. Bu ona görə belədir ki, biz doğulduqdan sonra genlərimiz dəyişilməzdir və ömrümüzün sonuna qədər olduğu kimi qalır”.