Elman Rüstəmovun oğlunun videosunda diqqətdən qaçan
ŞOK MƏQAM
Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmovun nikahdankənar oğlu olduğu deyilən yeniyetmənin videosu gündəmə bomba kimi düşüb. İlk baxışdan əzəli-əbədi “atalar və oğullar” probleminin növbəti nümunəsi kimi diqqət çəkən video, əslində, çox ciddi mətləblərdən xəbər verir. Videoda diqqət çəkən əsas məqam Elman Rüstəmovun Azərbaycan barədə neqativ fikirləri, ölkənin gələcəyinin olmaması haqda dedikləridir. İllərlə respublikanın bir nömrəli bankına rəhbərlik etmiş və milyonlar yığmış bu şəxsin Azərbaycan haqqında bu qənaəti, gənclərin ölkəni tərk etməsinə çağırışı ən azından xəyanətdir. Əlbəttə, Vətən müharibəsinə qədər istər regionda, istərsə də dünyanın müəyyən siyasi sferalarında Azərbaycanla bağlı zəif, parçalanmağa meyilli ölkə imici yaradılmışdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibədən sonra özü şəxsən etiraf etmişdi: ki, bağlı qapılar arxasında məni Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımağa məcbur edirdilər. Təsəvvür edirsiniz, XXI əsrin qaynar vaxtında bizə deyirdilər ki, ərazinin 20 faizini ver 100 min erməniyə, dövlət yaradıb yaşasınlar. Görünür, ölkəni parçalamağa hazır xarici aktorlarla yanaşı, xalqı parçalamaq istəyən daxili aktorlar da var və onlardan biri Elman Rüstəmovdur. Öz qanından, canından olan oğlundan imtina edən bir zehniyyətin xalqdan da, dövlətin gələcəyindən də imtina etməsi gözləniləndir. Elmankimilər bu illər ərzində Azərbaycanın dağılmağa hazır olduğunu düşünüblər və ona görə də “nə qoparsam qənimətdir” düşüncəsi ilə ölkəni çapıb-talayıblar. Bəlkə də ölkəni parçalamaq, sərvətlərini dağıtmaq, sonra isə Avropanın hansısa ölkəsinə qaçıb orada yaşamaqla bağlı planlar da qurublar. Çünki onlar bu ölkənin məhvə məhkum olduğunu düşünürdülər. Lakin Vətən müharibəsində qazanılmış parlaq qələbə, ardınca bu savaşın nəticələrinin beynəlxalq aləmdə qəbul etdirilməsi, eləcə də daha sonra imzalanan müqavilələr Azərbaycanı xüsusən iqtisadi və hərbi sferada qlobal güc mövqeyinə gətirdi. Bir vaxtlar yarım ovuc erməniyə uduzdurulan Azərbaycanla indi dünyanın beynəlxalq gücləri hesablaşmaq məcburiyyətində qalır. Avropa liderləri bəzi məsələlərin həllində Azərbaycan Prezidentinin təcrübəsindən yararlanmaq niyyətlərini açıq şəkildə bildirirlər. Bəs Elman Rüstəmovla bağlı reallıq necədir? Məlumat üçün bildirək ki, o, ailəsi neçə ildir xaricə köçüb. Bütün ailə üzvləri – oğlu, qızı, həyat yoldaşı – Lodonda yaşayır. Oğlunun Londondakı milyonlarla funt-sterlinq dəyərində olan mülkləri haqda Azərbaycan və Britaniya mətbuatında dəfələrlə məqalələr dərc edilib. Elman Rüstəmov və onun kimi düşünən yüksəkrütbəli məmurların ailələri ona görə ölkədən köçüb ki, onlar Azərbaycanın gələcəyinin yaxşı olmayacağını hər zaman düşünüblər. Talançılıqları, xalqın, dövlətin sərvətlərini yeyib-dağıtmaqları da bu düşüncəyə bağlıdır. Adı xarici ölkələrin məhkəmələrində fırıldaqçı kimi hallanan bir şəxsin oğluna “Azərbaycanın sonu yoxdur” deməsindən təbii nə ola bilər?!