“ASALA” terrorçuları yenidən peyda olub - Buna hazır olmalıyıq!
“Səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran dünyanın “lider” dövlətlərdəndir”.
Bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücuma və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər:
“Ancaq İranın sözdə dost və tərəfdaş adlandırdığı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Bunu da etdilər. Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq.
Ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı səfirliyinə hücum edəndə və Londona dini fanatik qrup səfirliyimizi qısa müddətə ələ keçirəndə təklif etmişdim ki, indiki həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ehtiyac var. İranda səfirliyimizə hücum edən qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər. Bu mərhələyə də hazır olmalıyıq. “ASALA” terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar”.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.