Əmlak bazarında fantastik qiymət artımı: Ekspert nə təklif edir?
Ötən il əmlak bazarında qeydə alınan fantastik qiymət artımlarından sonra, güman edilirdi ki, bu il mənzillərin qiymətləri düşəcək. Lakin keçən il olduğu kimi, bu il də mənzillər günü gündən bahalaşır. Əmlak eksperti Elnur Fərzəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, əmlak bazarında ən çox qiymət artımı son 5-6 ildə ötən il baş verib: “2022-ci ildə istismar müddətini bitirmiş çoxmənzilli və yeni tikili binalarda ciddi qiymət artımı baş verdi. Yeni tikili binalarda qiymət artımının əsas səbəbi əvvəlki qədər çox sayda tikilməməsidir. Başqa bir tərəfdən, mərkəzə yaxın ərazilərdə artıq tikintiyə yararlı torpaq ərazisi qalmayıb. Qalan torpaqlarda da fantastik qiymətədir. Tikinti şirkəti bu qiymətə torpaq alıb çoxmənzilli bina tiksə, avtomatik qiymətlər baha təklif olunmalıdır ki, öz qoyduqları xərci çıxarsınlar”. Onun sözlərinə görə, bu baxımdan, tikinti şirkətləri daha çox pilot layihələrə müraciət edirlər. Köhnə 3-4-5 mərtəbəli binaları sökərək yerində çoxmənzilli binalar tikirlər. Bunun özü də birbaşa tikintinin maya qiymətini artırır: “Çünki şirkət orda yaşayan sakinlərə tikdiyi binadan mənzillər verməli, tikinti başa çatana qədər 2 il yarım müddətdə kirayə pulu xərcləri ödəməlidir. Bu da qiymət artımına öz təsirini göstərir”. Ekspert qeyd edib ki, bu səbəbdən, yeni tikili binalarda qiymət artımının qarşısının alınması bir az ciddi görünmür: “Qiymətlər təbii yolla arta-arta gedir. Digər tərəfdən, istismar müddətini bitirmiş binaların da qiymətində ciddi artımlar oldu. O binalar istismar müddətini bitirdiyi üçün ipoteka peidmentinə çevrilə bilmir, bank girov götürmür. Minlərlə istismar müddətini bitirmiş belə bina var. Əslində, bu binaların satış qiyməti hazırkı qiymətlərdən çox aşağı olmalıdır. Lakin söküntülərlə əlaqədar qiymətlərdə artım var. Qiymət artımının qarşısının alınması üçün yeni dövlət layihələri olmalıdır ki, vətəndaşlar ev problemini həll edə bilsinlər”.