Azərbaycanda həyət evləri bahalaşa bilər, lakin... - AÇIQLAMA
Ötən günlərdə Türkiyə baş vermiş 7,7 və 7,6 maqnitudalı iki dağıdıcı zəlzələ minlərlə insanın həyatına son qoydu, 10 minlərlə yaralı isə hələ də dağıntılar altından xilas olunur.
Ümumilikdə isə zəlzələdə 6 mindən çox binanın dağıldığı qeyd olunur.
Qardaş ölkədə zəlzələnin uçurduğu binalar Azərbaycanda da çoxmənzilli binalarda yaşayanlar üçün narahatlıq yaradıb. Sosial şəbəkələrdə bina evlərinin zəlzələ üçün daha təhlükəli olduğu, bu baxılmdan həyət evlərinə marağın artacağı ilə bağlı paylaşımlar edilir.
Əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı “Ölkə.Az”a açıqlamasında sosial şəbəkələrdə səsləndirilən fikrilərin spekulyativ formada ictimaiyyətə təqdim olunduğunu deyib. Fərdi yaşayış evlərinə tələbin yüksələcəyi fikirləri ilə bağlı isə ekspert qısa müddət ərzində bazarda bu cür təhlil ortaya çıxarmağın mümkün olmadığını bildirib:
“Hər bir fikrin arxasında iqtisadi əsaslandırma olmalıdır. Yəni fərdi yaşayış evlərinin təklif qiymətinin artımı onların bazar qiymətinin artımı demək deyil. Təklifə çıxarılan qiymətlə bazar dəyərinin formalaşması arasında fərq var. Ola bilər ki, mənzil bazara 100 min manata təklif olunur, lakin 3-4 ay sonra 80 minə satılır. Deməli, onun bazar dəyəri 80 min manatla, yəni satıcı və alıcı arasında reallaşan pul ekvivalenti ilə ölçülür”.
Ekspert fərdi evlərə marağın artmasının psixoloji məqamla bağlı olduğunu, lakin bunun qısa müddətli dövrü əhatə edəcəyini deyib.
“Təqribən 2-3 ay müddətində ictimai rəydə belə narahatlıqlar ifadə olunacaq. Bunun nəticəsində nisbi olaraq fərdi yaşayış evlərinə olan tələb arta, bu da qiymətlərin nisbi artımına gətirib çıxara bilər. Lakin yenə də qeyd edilməlidir ki, bu, qısamüddətli dövrü əhatə edə bilər”, - deyə R. Osmanlı əlavə edib.