Ermənistanda da zəlzələ olsa, Azərbaycan kömək edər -
AÇIQLAMA
Türkiyədə baş vermiş dağıdıcı zəlzələyə görə yardım göndərən ölkələrdən biri də Ermənistandır. Zəlzələnin baş verməsindən sonra Türkiyəyə 100 ton humanitar yardım və 27 nəfərdən ibarət xilasetmə qrupu göndərilib. Yardımın göndərilməsi üçün 35 ildən sonra ilk dəfə Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açılıb. Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç tvitter hesabında iki ölkəni ayıran Araz çayının Türkiyə tərəfindəki Alican keçid məntəqəsindən keçən yük maşınlarının fotolarını paylaşıb. Ermənistan daxilində Türkiyəyə göstərilən yardım birmənalı qarşılanmayıb. Belə ki, bəzi erməni ekspertlər 44 günlük müharibə zamanı Ankaranın Azərbaycana dəstəyini xatırladaraq Paşinyan hökumətinin Türkiyəyə yardım göstərməsini sərt tənqid edib. Beynəlxalq mətbuatda Ermənistanın Türkiyəyə yardım göndərməsi iki ölkə arasında 100 ildən çoxdur davam edən gərginliyin azaldılması kimi şərh edilib. Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Türkiyə ilə Ermənistan sərhədi həmişəlik açılmayıb: “Türkiyə-Ermənistan sərhədi humanitar məqsədlər üçün müəyyən müddətə açılıb. Xilasediciləri daşıyan maşınların zəlzələ zonasına gecikməməsi üçün onların İğdırda yerləşən Alican buraxılış məntəqəsi vasitəsilə girişinə icazə verilib. Bununla ermənilər sərhədin açılmağa hazır olduğunu gördülər. Sərhəd açılması, əslində, ermənilərin xeyrinədir. Millətçi ermənilər bu nümunəvi hərəkətdən dərs çıxarmalıdır”. Q.Hüseynli millətçi ermənilərin yardımlara görə Paşinyanı tənqid etməsinə də münasibət bildirib: “Bu gün bütün dünya Türkiyəyə yardım etmək üçün səfərbər olub. Bəzi millətçi ermənilər isə Paşinyanı yardımlara görə qınayırlar. Bu isə onların xislətlərinin nə qədər yaramaz olduğunu göstərir. Onların bu cür münasibəti insanlıqdan, sivilizasiyadan necə uzaq olduqlarını göstərir. Özlərini bütün dünyada biabır etdilər. Heç olmasa, zəhərli fikirlərini yaymazdılar. Geridə qalmış olduqlarını bir daha sübut etdilər”. Q.Hüseynlinin fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi Azərbaycana bağlıdır:“Sərhədlərin açılması və münasibətlərin bərpası üçün Ermənistan Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdır. Bu, Türkiyənin Ermənistan qarşısında qoyduğu şərtdir. Beləliklə, Azərbaycanla sülh müqaviləsi imzalansa və əlaqələr normallaşdırılsa, sərhədlər tam açıla bilər”. Maraqlıdır, Türkiyədəki kimi zəlzələ Ermənistanda olsa, Azərbaycan yardım əlini uzadardımı? 1988-ci ildə Ermənistanın Spitak bölgəsində baş verən zəlzələ zamanı Azərbaycan bu ölkəyə yardım əlini uzadıb. 7 bal gücündə qeydə alınan yeraltı təkanlar 30 saniyə ərzində şəhəri yerlə-yeksan edib. Təbii fəlakt zamanı 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min sakin evsiz qalıb. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Q.Hüseynli da bu hadisəni xatırladıb və deyib: "1988-ci ildə Ermənistanın Spitak şəhərində zəlzələ oldu. Bu zaman Azərbaycan Ermənistana hər cür kömək yolladı. Təyyarə ilə 89 xilasedici göndərildi. Lakin xainlər onları səhv istiqamətləndirdi. Bu səbəbdən təyyarə qəzaya uğradı. Xilasedicilər həlak oldu. Buna baxmayaraq, mən şübhə etmirəm ki, Ermənistanda Türkiyədəki kimi zəlzələ olsa, Azərbaycan öz kömək əlini uzadardı. Biz genişürəkli, humanist millətik. Ancaq ermənilər yenə xəyanət edə bilər. Onlardan nə desən gözləmək olar”.