“Bolt” sürücüsü qadına bunu yazdı -
HƏBS EDİLDİ
Bakı sakini F.Bağırova xidmətindən istifadə etdiyi “Bolt” taksisinin sürücüsünün onun yanında söyüş söyərək xuliqanlıq etməsi, şəxsi nömrəsinə sevgi mesajları və digər sözlər yazaraq narahat etməsi barədə polisə şikayət edib. Əldə etdiyimiz məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edən qadın sürücünün məsuliyyətə cəlb edilməsini tələb edib. O, ərizəsində bildirib: “Fevralın 5-də “Bolt” şirkətindən taksi sifariş verdim, bir müddət sonra sifarişə gələn avtomobilə əyləşdikdən sonra yolda sürücü hərəkətdə olan digər avtomobil sürücülərinin ünvanına nalayiq ifadələr işlədirdi. Bundan başqa, sürücü yol boyu mobil telefonla danışaraq təhqiramiz sözlərdən istifadə edirdi. Mən buna məhəl qoymasam da, özümü narahat hiss edirdim. Ünvana çatdıqdan sonra 2 manat gediş haqqını ödəmək istəsəm də, sürücü 2 manat 70 qəpik pul istədi və bunun səbəbi kimi məni gözləməsini göstərdi. 50 manatlığı sürücüyə verərək 3 manat pul çıxmasını xahiş etdim. Sürücü də 47 manat pul qaytardı. Bundan sonra həmin şəxs mən evdə olarkən vatsap vasitəsilə mənə yazaraq əlavə pulun ödənilməsi ilə bağlı təşəkkürünü bildirdi. Mən də ona “dəyməz” sözünü yazaraq daha narahat etməməsini xahiş etdim. Lakin 2 gün sonra yenə həmin şəxs mənə mesajlar yazaraq tanış olmaq, münasibət qurmaq istədiyini dedi. Bundan əsəbiləşib həmin şəxsin hərəkətlərindən “102” zəng xidmətinə məlumat verdim”. Faktla əlaqədar aparılan araşdırmalarla sürücünün 1996-cı il tarixdə Sabirabad rayonu, Türkədi kəndində anadan olmuş, hazırda Xırdalan şəhəri Ş.Əfəndizadə küçəsində yaşayan A.Səmədov olması müəyyən edilib. O, polis tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmədə 27 yaşlı sürücü peşman olduğunu deyərək üzr istəyib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 4 gün müddətinə həbs cəzası verilib. /globalinfo.az