Jirinovskinin oğlu həbs edildi
Rusiya Liberal Demokrat Partiyası (LDPR) mərhum lideri Vladimir Jirinovskinin oğlu Oleq Edelşteyn Moskvanın mərkəzindəki “Tkemali” restoranında davaya, eləcə də polis əməkdaşına hücum etdiyinə görə 15 sutka həbs edilib.
Globall.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, insident Lubyanka meydanı yaxınlığındakı “Tkemali” restoranında baş verib.
Məlumata görə, Edelşteyn sevgililər gününü qeyd edirmiş. Saat 22.00 radələrində hadisə şahidləri polisə zəng edərək restoranda ciddi qalmaqal olduğunu bildiriblər. Gələn işçilər 36 yaşlı Edelşteyni şöbəyə aparıblar.
Lakin saxlanılan şəxs orada da sakitləşməyib. O, polisləri təhqir etməyə başlayıb, sonra isə onlardan birinin sinəsinə yumruq zərbəsi endirib. Zərərçəkmiş sağ körpücük sümüyünün əzilməsi ilə xəstəxanaya müraciət edib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Saxlanılan şəxs barəsində xırda xuliqanlıq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Polisə hücumla bağlı araşdırma aparılır.