Bakıda dərsdən sonra işləyən tələbə faciəvi şəkildə öldü -
TƏFƏRRÜAT
Ötən il sentyabrın 24-də saat 23 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Ə.Nəcəfov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini, 18 yaşlı Elcan Qasımlını vurub öldürməsi hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb. Məhkəmədə sürücü, 1988-ci il təvəllüdlü Ə.Nəcəvof Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib. Araşdırma zamanı məlum olub ki, qəzada ölən Elcan ailəsi ilə birgə Biləcəridə kirayə yaşayırmış. O, 2022-ci ildə məktəbi bitirib və Bakıdakı kolleclərdən birinə daxil olub. Dərslərin başlamasından bir neçə gün sonra Elcan Novxanıda “Oskar” yanacaqdoldurma məntəqəsində operator kimi işə düzəlib və aylıq 450 manat maaş alırmış. O, təhsili ilə əlaqədar axşam saat 20 radələrində işə gedərək, gecə növbəsində işləyib və səhəri günü isə kollecə gedirmiş. Hadisə baş verən gün saat 23 radələrində Elcan Qasımlı işlədiyi məntəqənin qarşısında yolu keçərkən avtomobil onu vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb. Məhkəmədə sürücü Ə.Nəcəfov bildirib ki, piyada qəfil maşınının qarşısına çıxıb və bu səbəbdən qəzadan yayına bilməyib. O, mərhumun ailəsinə maddi dəstək verməyə çalışdığını deyib. E.Qasımlının atası da hadisəyə görə artıq sürücüdən şikayətçi olmadığını deyib. Məhkəmənin bir neçə gün əvvəl çıxarılan hökmü ilə Zəngilan sakini olan 35 yaşı sürücü 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il 6 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.