Bakıda qeydiyyatsız yaşayanlara neçə dəfə cərimə yazılacaq? - RƏSMİ
Daxili İşlər Nazirliyinin məlumatına görə, yaşayış yerini dəyişən vətəndaşlar 60 gündən artıq yaşayacaqları halda 7 iş günü ərzində müraciət edib qeydiyyata düşməlidirlər.
Bu qaydaya əməl etməyən vətəndaşlara əvvəl xəbərdarlıq ediləcək, sonra isə onlar 30 manat məbləğində cərimə olunacaqlar. Polis artıq qeydiyyatı hazırda yaşadığı yerə olmayan vətəndaşları cərimələməyə başlayıb. Bununla bağlı sosial şəbəkələrdə bir neçə nümunə paylaşılıb. Heç bir yerdə daimi və ya müvəqqəti qeydiyyatı olmayan vətəndaşların qeydiyyatı üçün bir sıra sənəd tələb olunur. Onlardan biri də yaşadığı mənzilin çıxarışıdır. Kirayə müqaviləsi olmayanlar və çıxarışı olmayan mənzildə yaşayanlar qeydiyyata düşə bilmirlər. Ona görə də proses uzanır.
Bəs vətəndaşlar buna görə hansı müddət ərzində və neçə dəfə cərimələnə bilərlər?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, burada məqsəd vətəndaşların qanuna riayət etmələrinə nail olmaqdır:
“Burada istiqamət vətəndaşların maariflənməsinə yönləndirilib. İlk olaraq vətəndaşlara xəbərdarlıq olunur, xəbərdarlığa məhəl qoymayanlar barəsində artıq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati tənbeh tədbir tətbiq edilir.
İldə neçə dəfə olması və ya bir müddətdən sonra olması əsas deyil. Önəmli odur ki, vətəndaşlar birmənalı olaraq olduğu yer üzrə qeydiyyatla bağlı qanunvericiliyə riayət etsinlər. Bir vətəndaşa yaxınlaşılır, xəbərdarlıq edilir, buna məhəl qoymayanlar olur və məsuliyyətsiz yanaşan şəxslər barədə artıq qanunvericilik çərçivəsində tədbir görülür. Burada məqsəd vətəndaşları qaydalara riayət etməyə sövq etməkdir”.
Nurlan Əliyev qeydiyyatı olmayanların çox az hissəsinin cərimə olunduğunu bildirib:
“Vətəndaşa əsasən xəbərdarlıq edilir. Bəlkə 10 faiz və ya daha az vətəndaş haqqında tədbir görülüb. Olduğu yer üzrə qeydiyyata düşməyən şəxslərin 90 faizinə xəbərdarlıq edilib. Dəfələrlə xəbərdarlıq edilir, izah edilir, ən sonda cərimə olunur”.
Qeyd edək ki, hansısa rayonda daimi qeydiyyatı olub, hazırda Bakıda yaşayanlar yaşadıqları ərazi üzrə polis orqanlarına yaxınlaşıb, faktiki ünvanları haqqında məlumat verməlidirlər. Onlardan mənzil haqqında heç bir çıxarış tələb olunmur.