Dollar bahalaşdı: 7 həftəlik maksimuma yaxınlaşır
ABŞ dollarının dəyəri bazar ertəsi yeddi həftəlik maksimuma yaxınlaşıb.
ABŞ-da açıqlanan son iqtisadi məlumatlar Federal Ehtiyat Sisteminin (FED) daha çox və daha uzun müddətə faiz dərəcələrini artırmalı olacağına dair fikirləri gücləndirib.
Cümə günü açıqlanan rəqəmlərdə ABŞ-da istehlak xərclərinin yanvar ayında kəskin şəkildə artdığı, inflyasiyanın isə sürətləndiyi məlum olub. Belə ki, FED-in inflyasiyanın qiymətləndirilməsi üçün üstünlük verdiyi şəxsi istehlak xərcləri qiymət indeksi dekabrda 0,2% artdıqdan sonra ötən ay 0,6% yüksəlib.
ABŞ valyutasını altı əsas səbət valyutalarına qarşı ölçən dollar indeksi sözügedən məlumatlardan sonra cümə günü yeddi həftəlik maksimumuna (105,32) yaxınlaşııb və 0,038% artaraq 105,21 olub.
Dollar indeksi fevral ayında ümumilikdə 3% yüksəlib.
Bazar iştirakçıları FED-in uçot dərəcəsini iyul ayında 5,4% -ə çatdıracağını, bu həddin ilin sonuna qədər 5%-dən yuxarı qalacağını ehtimal edir.