Bank kartından niyə vergi tutulur? -
CAVAB
“Vətəndaşın bankda olan pulu ona gəlir gətirirsə, vətəndaş həmin gəlirdən 10% vergi ödəyir. Bu, artıq 2023-cü ildən qüvvəyə minir. Kartda olan məbləğ depozitdirsə, yaxud cari hesabdırsa, amma bank cari hesabda olan vəsaitə depozit yanaşması sərgiləyərək ona faiz verirsə, onda cari hesabda olan məbləğ eyni zamanda depozit xüsusiyyətini özündə daşıyır. Buna görə də ondan gələn gəlir avtomatik şəkildə 10% vergiyə tutulur”. Bu sözləri Pravda.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov depozit olmayan cari hesabdan vergi tutulması barədə narazılıqlara münasibət bildirərkən deyib. Ekspert fikirlərini belə izah edib: “Məsələn, iki debet kartda pul saxlayıram. Kartlardan birinə 1000 manat pul qoymuşam və bu pula toxunmayacağam, üzərinə də faiz gəlmir, cari hesabdır. Amma başqa bir banka aid ikinci kartda 1000 manat pul qoymuşam. Həmin bank mənə deyir ki, cari hesabda olan vəsaitə əlavə 5% faiz verəcəyəm. O zaman birinci kartdakı 1000 manat mənə bir qəpik pul qazandırmır. İkinci kartdakı məbləğ isə mənə əlavə 5% qazandırır. 1000 manatın 5%-i 1/20 edir, deyək ki, 50 manat və bunun 10%-i vergiyə tutulur, yəni 5 manat. Proses budur. “İnsanlar depozit qoymayacaq, qaçacaqlar” deyə bir şey yoxdur. Sadəcə, bank öz kartına depozit xüsusiyyəti verir. Verməsə, pul da tutulmur. Faiz tutulmamasını istəyirsinizsə, depozit də etməyin. Cari hesabda depozit xüsusiyyəti açılan zaman yenə də vətəndaş udur”.