Paşinyan: Sülh sazişini bağlamağa hazıram, ancaq...
Azərbaycanla sülh müqaviləsi Ermənistan üçün kapitulyasiya kimi görünən sənəd olmamalıdır. Globall.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistan üçün perspektivlər" mövzusunda keçirilən müzakirələr zamanı deyib. “Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsində tam qətiyyətim var, lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzəyən sənəd olmamalıdır. Bu, regionumuzda real və davamlı sülh haqqında sənəd olmalıdır və mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”, - Paşinyan bildirib. Erməni baş nazir əlavə edib ki, onun ölkə parlamentində çoxluğu təşkil edən siyasi komandası sülh gündəmini təbliğ etmək məsuliyyətini öz üzərinə götürüb: “Bu gündəliyi həyata keçirmək mandatım var, onun həyata keçirilməsi üçün məsuliyyət daşımağa hazıram, lakin beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacı var”.