Gəncə Regional Təhsil İdarəsinin rəisindən Ulu Öndərə
SAYQISIZLIQ
Gəncə Regional Təhsil İdarəsinin rəisindən Ulu Öndərə sayqısızlıq. Məlum olduğu kimi, ötən ilin sentyabr ayının 29-da Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında, Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. 2023-cü il mayın 10-da xalqımız Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli ictimai-siyasi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq, onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə, məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan, Heydər Əliyevin həyat amalının təntənəsidir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı, onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan bacarıqla istifadə etmişdir. Faktdır ki, Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev, bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci ildə imzaladığı sərəncamda deyilir: 1. Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Dünən, yəni mart ayının 2-də Gəncə şəhər 43№li tam orta məktəbdə “Heydər Əliyev İli” ilə bağlı təntənəli, möhtəşəm tədbir keçirilib. Tədbirə Gəncə Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev və təhsil idarəsinin rəsmiləri dəvət olunur və onların hər biri bu haqda öncədən məlumatlandırılır. Çox təəssüflər olsun ki, Ulu Öndərin yubiley tədbiri ilə bağlı nə Anar Qədiməliyevin özü, nə təhsil idarəsinin rəsmiləri, nə şəhər rəhbərliyi, nə də ki, YAP Gəncə Şəhər Təşkilatının rəsmilərindən heç biri iştirak etmirlər. Səbəb isə məlum olmur. Təbii ki, tədbiri təşkil edən müəllim və şagird kollektivinin üzvləri, bunu sayqısızlıq kimi qəbul edirlər və olduqca məyus olurlar. Belə bir yanaşmadan sonra ortaya düşündürücü sual çıxır ki, görəsən GRTİ-nin rəisinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı keçirilən tədbirə sayğısızlıq göstərməsinin kökündə hansı amillər ƏSAS rol oynayır, yaxud da region rəisinə belə bir addımını atmaqda kim dəstək verir? Şəhər rəhbərliyinin bu kimi məsələlərlə bağlı yanaşması da, artıq yavaş-yavaş ortaya əsaslı şübhələrin çıxmasına yollar açmaqdadır. İnanmırıq , amma ola bilər ki, ... Mehriban ƏZİZQIZI