Test üsulu ləğv edilməlidir –
Fazil Mustafa
Test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq heç bir halda uzunmüddətli və toxunulmaz formada qalmamalı idi. Test üsulu tətbiq ediləndən üç-dörd il sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi. Əsas diqqət isə qəbula deyil, məktəbi bitirməyə yönəlməlidir. Globall.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. Onun sözlərinə görə, hazırlıqsız şəxs, inkişaf etmiş ölkələrdə olduğu kimi, rahatlıqla daxil olduğu məktəbi rahatlıqla tamamlaya bilmir: “Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər. Test üsulu predmet haqqında geniş dünyagörüşə sahib insan yetişdirmir, istər-istəməz, əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsvirdir, ümumi elmi dünyagörüşdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmir, mütailə vərdişinə sahib deyil və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkir.