KİV: “Netanyahu məhkəmə islahatına qarşı çıxacaq”
İsrailin Baş naziri Binyamin Netanyahu və Şas partiyasının lideri Arye Deri məhkəmə islahatları haqqında qanunun təşviqini dayandırmağa çağırır. “Report” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb. Məlumata görə, məhkəmə islahatları ilə bağlı qanun layihəsinə qarşı kütləvi ümummilli etirazları ilə sıxışan Baş nazir Netanyahu sənədin əleyhinə çıxacaq. Eyni zamanda, ədliyyə naziri Levin və onun yaxın müttəfiqləri, eləcə də milli təhlükəsizlik naziri Ben Qvir hələ də qanunun irəliyə aparılmasının tərəfdarıdır. Xatırladaq ki, İsraildə martın 26-da axşam saatlarında başlayan kortəbii etirazların səbəbi Netanyahunun elan etdiyi ölkənin müdafiə naziri Yoav Qalantın istefası olub. Hökumət başçısı bu qərarı Qalantın bir gün öncə açıq şəkildə hakim koalisiyanın irəli sürdüyü və müxalifətin kütləvi etirazına səbəb olduğu məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bildirəndən sonra verib. Hökumətin əleyhdarlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə icra hakimiyyətinə nəzarətin verilməsini nəzərdə tutan islahat İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq. Netanyahu israr edir ki, bu islahat hakimiyyətin bütün qollarının səlahiyyətlərini balanslaşdıracaq və ölkənin siyasi sistemini daha demokratik edəcək.